Qəbələdə yerli əhəmiyyətli yolun yenidən qurulması yekunlaşır VİDEO
Bakı, 29 iyun, AZƏRTAC
Qəbələ rayonunda 19 kilometrlik yerli əhəmiyyətli Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, IV texniki dərəcəyə uyğun yenidən qurulan yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir. Layihəyə uyğun olaraq, əsasın alt və üst layının tikintisi işləri görülüb. Bu işlər 100 min kvadratmetrdən çox sahəni əhatə edib.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, hazırda yolun asfaltlanması işləri aparılır. Həmçinin layihə çərçivəsində Zalamçay üzərində yerləşən və 42 metrlik avtomobil körpüsü qəzalı vəziyyətə düşdüyü üçün əvəzinə 4 aşırımlı yeni körpü inşa edilir. Dayaqları hazır olan körpünün aşırım tirlərinin quraşdırılması işləri görülür.
Sonuncu mərhələdə zəruri olan yerlərdə 8 avtobus dayanacağının inşa edilməsi, hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi nəzərdə tutulur.
Başlanğıcını respublika əhəmiyyətli Ağdaş-Zarağan avtomobil yolundan götürən bu yol 8 mindən çox əhalinin yaşadığı 11 yaşayış məntəqəsini əhatə edir. Yolun yenidən qurulması gediş-gəlişin rahatlaşmasına, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez bir zamanda bazarlara çatdırılmasını təmin edəcək.