REGİONLAR
Şəhid ailələri və müharibə əlilləri sosial dəstək tədbirləri ilə əhatə olunub VİDEO
Yevlax, 28 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələrini, müharibə iştirakçılarını və qazilərimizi əhatə edən genişmiqyaslı sosial dəstək tədbirləri Yevlax rayonunda da uğurla icra olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin nümayəndələri rayon ərazisində yaşayan şəhid ailəsinin hər biri ilə ayrıca görüşlər keçirir, onların sosial vəziyyətləri öyrənilir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumları ilə birgə müvafiq sosial dəstək tədbirləri görülür. Şəhid ailələrinin problemləri araşdırılır, onların həlli məqsədilə aidiyyəti qurumlar qarşısında məsələ qaldırılır. Problemin həlli daim nəzarətdə saxlanılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailəsi üzvlərinə onlar üçün nəzərdə tutulan sosial ödənişlərin operativ qaydada, proaktiv şəkildə təyinatları həyata keçirilir. Həmin ailələrə Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinətlər təyin olunur.
Rayonda şəhid ailəsi üzvləri və müharibə iştirakçılarının məşğulluq və özünüməşğulluq məsələlərinin həlli də diqqətdə saxlanılır. Bu il rayonda 230-dək şəxs proqrama cəlb olunub. Onların mühüm hissəsini şəhid ailəsi üzvləri və müharibə iştirakçıları təşkil edib. O cümlədən müharibədən sonrakı dövrdə rayonda bu kateqoriyalardan olan 70 şəxs növbədənkənar özünüməşğulluq proqramına cəlb edilərək, artıq öz kiçik təsərrüfatlarını yaradıblar. Onlar dövlətin bu qayğısından səmərəli şəkildə faydalanaraq, öz təsərrüfatlarını inkişaf etdirmək əzmində olduqlarını bildirib, ailə təsərrüfatlarını qurmaq üçün göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə edirlər. Bir sıra şəxslər isə haqqı ödənilən ictimai işlərə cəlb olunublar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yevlax Reabilitasiya Müəssisəsində də şəhid ailəsi üzvlərinə, müharibə əlillərinə, müharibədən zərər çəkən insanlara sosial-psixoloji xidmətlər göstərilir. Digər tərəfdən nazirliyin Sosial Xidmətlə Agentliyinin xətti ilə həmin kateqoriyalardan olan vətəndaşların evlərində onlara səyyar formada psixoloji dəstək göstərilir.
Qeyd edək ki, ötən dövrdə Yevlaxda da şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı üçün mühüm işlər aparılıb. Hazırda rayonda şəhid ailələri və müharibə əlillərinin evlə təminatı davam edir.