17 saylı Yasamal III seçki dairəsi dairə seçki komissiyasında üçgünlük təlimlər keçirilir
Bakı, 27 yanvar, Göyçək Mahmudlu, AZƏRTAC
Yanvarın 27-də 17 saylı Yasamal III seçki dairəsi dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün üçgünlük maarifləndirici təlimlərə başlanılıb.
AZƏRTAC xəbər verir ki, təlimlərdə çıxış edən dairə seçki komissiyasının üzvləri Fəxrəddin Məhərrəmov və Əlimusa Qədimov Milli Məclisə seçkilərə hazırlıqlarla əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində, müvafiq təlimatı və tövsiyəsi əsasında təşkil edilən treninqlərin seçkilərin şəffaf və qanunauyğun təşkili üçün önəm daşıdığını deyiblər.
Diqqətə çatdırılıb ki, MSK-nın Treninq Qrupu dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsini artırmaq, seçkilərlə bağlı bilik və bacarıqlarını daha da təkmilləşdirmək üçün təlimlər cədvəli və seçki günü davranış qaydaları, hüquqlar və vəzifələrlə bağlı slaydlar hazırlayıb.
Təlimdə iştirakçılara səsvermə günü məşvərətçi səs hüquqlu üzvlərin, müşahidəçilərin və KİV nümayəndələrinin hüquq və vəzifələri, seçki günü məntəqə seçki komissiyalarının rolu və vəzifələri, seçicilərin səsvermə hüquqlarının təminatı, bülletenlərin təsnifatı, səsvermə otağının təşkili ilə bağlı məlumat verilib. Bununla yanaşı, seçki günü qanunauyğun səsvermə hərəkətləri, qanunsuz hərəkətlərin qarşısının alınması, seçici siyahıları ilə iş və onların dəqiqləşdirilməsi, seçicilərin səsvermə hüququnu itirməsi halları, səslərin sayılmasına hazırlıq, səsvermənin nəticələri barədə yekun protokolun hazırlanması və doldurulması qaydaları izah olunub.
Bildirilib ki, seçkilərin tam demokratik şəraitdə keçirilməsi üçün komissiya üzvləri öz işlərinə məsuliyyətlə yanaşmalı, müşahidəçilərlə, KİV ilə təlimata uyğun işləməlidirlər. Təlimdə qeyd olunub ki, fevralın 9-da səsvermə prosesi ilə bağlı məlumatların ictimaiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, KİV-lərin fəaliyyətinə hər cür şərait yaradılacaq.
Treninq müzakirələrlə davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.
Təlimin sonunda məntəqə seçki komissiyası üzvlərinə MSK tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim edilib.
Dairə seçki komissiyasının sədri Qədir Kərimov AZƏRTAC-a bildirib ki, dairədə Milli Məclisə seçkilərə hazırlıq işləri uğurla davam etdirilir və məntəqə seçki komissiyalarının üzvləri seçkiöncəsi, seçki günü və seçkidən sonra görüləcək işlər haqqında maarifləndirilir. O, 34 min 534 seçicisi olan dairə seçki komissiyasının ərazisində 28 daimi seçki məntəqəsinin fəaliyyət göstərdiyini, onların hamısında fiziki məhdudiyyətli seçicilər üçün panduslar quraşdırıldığını və dairə üzrə 13 namizədin qeydə alındığını diqqətə çatdırıb. Sədr bildirib ki, məntəqələrin 10-u veb-kameralarla təmin olunub.