Şəhid Alik Musayevin ad günündə “Şəhidlər bulağı” istifadəyə verilib VİDEO
İmişli, 7 avqust, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə şəhidlərimizin xatirəsinə ucaldılan abidənin açılışı olub. Əlamətdar gün şəhid Alik Musayevin doğum gününə təsadüf edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Şəhidlər bulağı” abidə kompleksi İmişli rayonu Sarxanlı kəndində inşa olunub. Abidə kompleksi Vətən müharibəsində canını fəda edən kəndin qəhrəman oğulları Musayev Alik Rafiq oğlu, Şahmarlı Vüsal Mərdan oğlu və Əsədli Cahid Zahid oğlunun xatirəsinə tikilib.
Şəhid Alik haqqında danışan atası Rafiq Musayev bildirib ki, Vətənin qəhrəman oğulları Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə qarşı döyüşərək torpaqlarımızı azadlığa qovuşdurdu. Alikin də ən böyük arzusu torpaqlarımızı azad görmək idi: “O, həqiqi hərbi xidməti bitirdikdən sonra könüllü olaraq müddətdən hərbçi kimi Vətənin keşiyində dayanmağı qərara aldı. Xidmətinin ilk illərini daxili qoşunlarda keçsə də, sonralar öz ərizəsi ilə müraciət edərək ön cəbhədə xidmətini davam etdirdi. Bir sıra xüsusi təlimlərdən keçən Alik həmlə taborunun döyüşçüsü kimi Vətən müharibəsinin ilk günlərindən döyüşə atıldı. Füzuli istiqamətində düşmən səddinin yarılmasında Alik və döyüşçü yoldaşları qəhrəmanlıqları ilə seçilib”.
Oktyabrın 1-də Kənd Horadiz istiqamətində gedən gərgin döyüşlərdə Alik qəhrəmancasına şəhadətə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallar ilə təltif edilib.
Şəhid anası Gülər Əliyeva isə bildirib ki, Alik hələ azyaşlı vaxtlarında yaşıdlarından seçilirdi, böyükdən-kiçiyə hər kəsin sevgisini qazanmışdı. O, həqiqi hərbi xidmətə gedəndə sevinc hissi ilə yola düşdü. Hər zaman deyirdi ki, ən böyük arzum torpaqlarımızı azad görməkdir. Elə o arzusunun arxasınca gedərək müddətdən artıq hərbi xidmətçi kimi 10 il Vətən keşiyində dayandı.
“Hətta Alik müharibə başlanması üçün niyyət də edibmiş. Sentyabr ayının 27-də döyüş başlayanda isə “ən böyük arzum yerinə yetdi” deyə sevinib. O, Vətən üçün dünyaya gəlmişdi, canını da Vətən uğrunda fəda edərək şəhadətə yüksəldi”, - deyə şəhid anası vurğulayıb.
“Şəhidlər bulağı”nın açılışında şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, rayon icra hakmiyyətinin nümayəndələri, kənd ictimaiyyəti iştirak edib. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər 44 günlük Zəfər yürüşündə qəhrəman oğulların igidliyindən söhbət açıb. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qüdrətli Azərbaycan Ordusunun şücaəti nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edildi. Həmçinin şəhidlərimizin qisası alındı.
Qeyd edək ki, İmişlinin Sarxanlı kəndindən Vətən müharibəsində 50 nəfər iştirak edib və onlardan 3 nəfəri şəhadətə ucalıb.