Bərdədə beton kanal çəkilir VİDEO
Bərdə, 9 avqust, AZƏRTAC
Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Sumqayıt Melioservis İdarəsi ölkənin əksər rayonlarında meliorativ tədbirlər çərçivəsində əsaslı təmir işləri görür. İdarənin icra etdiyi işlərdən biri də Bərdə rayon ərazisindədir. Belə ki, bir neçə kəndin ərazisindən keçən və 40 ildir istismar olunan beton kanala yenidən beton üzlüyün çəkilişi aparılır.
AZƏRTAC xəbər verir ki, uzun müddətdir fermerlərin istifadə etdiyi kanalda suyun axın sürətinin aşağı düşməsi, o cümlədən suvarma suyunun itkiyə məruz qalması əsaslı təmir işlərini vacib edib.
Kanalın istfadəyə verilməsi ilə ətrafda olan əkin sahələri asanlıqla suvarılacaq. Əsasən də suya daha çox ehtiyacı olan pambıq əkən fermerlərin işi daha da asanlaşacaq.
Beton üzlüyə alınan R-13 kanalında işlərin görülməsi üçün suyun istiqaməti dəyişdirilib. Kanalda təmir işləri bu il üçün 1500 metr məsafədə nəzərdə tutulub. Hazırda texnikalar vasitəsilə kanala beton vurulur, idarənin əməkdaşları kanalda hamarlama işləri aparırlar.
Qeyd edək ki, Sumqayıt Melioservis İdarəsi 18 rayonda - Qusar, Xaçmaz, Quba, Şamaxı, Ucar, İmişli, Kürdəmir, Hacıqabul, Ağcabədi, Tərtər, Astara, Masallı, Ağstafa, Goranboy, Şəki, Sabirabad, Biləsuvar və Bərdə rayonlarında əsaslı təmir işləri həyata keçirir. Bu işlərə subartezian quyularının qazılması, kanalların lildən təmizlənməsi və beton üzlüyə alınması işləri daxildir.