Beyləqanda şəhid ailələri, qazi və döyüş iştirakçılarına medal və ordenlər təqdim olunub VİDEO
Beyləqan, 9 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Beyləqanda şəhid ailələri, qazilər və döyüş iştirakçıları ilə görüş keçirilib. Müharibə qəhrəmanlarına Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunan orden və medallar təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin əməkdaşları qazilərlə evlərində görüşüblər.
Müharibə zamanı hər iki ayağını itirən Beyləqan rayon sakini Səfərov Orxan Şamil oğlunun təltif edildiyi “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalı qaziyə təqdim edilib. Sonra hər iki gözünü itirən Həsənov Orxan Həsən oğlu ilə yaşadığı evdə görüş keçirilib və layiq görüldüyü “Füzulinin azad olunmasına görə” medalı qaziyə təqdim olunub. Xüsusi Təyinatlı Qüvvələrin giziri şəhid Siyahim Dəmirovun ailəsi ilə də görüş olub. Şəhidin ölümündən sonra təltif edildiyi “Şücaətə görə” medalı şəhidin atasına təqdim edilib.
X X X
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsi və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Beyləqan Heydər Əliyev Mərkəzində də şəhid ailələri, qazilər və döyüş iştirakçıları ilə görüş keçirilib. Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun şücaətindən danışıblar. Çıxış edənlər Silahlı Qüvvələrimizin inkişafından söz açıb, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun nəinki Cənubi Qafqazın, dünyanın ən peşəkar orduları sırasına yüksəldiyini bildiriblər.
Daha sonra Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların ailə üzvlərinə, həmçinin müharibə iştirakçlarına Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunduqları orden və medallar təqdim edilib. Tədbirdə 55 nəfər döyüş iştirakçısı, 8 şəhid ailəsi, 10 nəfər qazi iştirak edib.
Qeyd edək ki, ümumilikdə Beyləqan rayonu üzrə 425 qazi, döyüş iştirakçısı və şəhid ailəsinə medal və ordenlər təqdim olunub.