Xaçmazda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb VİDEO
Xaçmaz, 11 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində rayonun Gülalan kənd sakini Şahin Yarıyevi saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsin pay torpaq sahəsinə baxış keçirilən zaman əkib-yetişdirdiyi 51 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.
Bundan başqa, həmin əraziyə baxış keçirilən zaman ümumi çəkisi 8 kiloqrama yaxın olan qurudulmuş marixuana aşkar olunub.
Faktla bağlı istintaq aparılır.