REGİONLAR
Xocavənd Suvarma Sistemləri İdarəsi əkin sahələrinin suvarılması üçün gücləndirilmiş iş rejimində çalışır VİDEO
Beyləqan, 11 avqust, A.Yavərzadə, AZƏRTAC
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Xocavənd Suvarma Sistemləri İdarəsinin xidmət sahəsinə daxil olan suvarma sistemləri Yuxarı Mil kanalından qidalanır. İdarə əkin sahələrinin suvarılması üçün gücləndirilmiş iş rejimində çalışır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, suvarma üçün istifadə olunan torpaq məcralı, o cümlədən beton kanallar idarənin balansında olan texnikalar vasitəsilə lildən və kol-kosdan təmizlənir. Bununla da sahələrə suyun çatdırılması daha da sürətlənir. İdarə hazırda fəaliyyətini bir-neçə rayon istiqamətində davam etdirir.
Hazırda Beyləqan rayonu ərazisində məskunlaşan Xocavənddən olan fermerlər bu il pambıq sahələrindən yüksək məhsuldarlıq gözləyirlər. Sahələrin yaxınlığından keçən suvarma kanallarından istifadə edən sakinlər növbəlilik əsasında öz əkdikləri bitkiləri asanlıqla suvara bilirlər.
Xocavənd Suvarma Sistemləri İdarəsi 14,1 kilometr suyığıcı dren şəbəkəsinin, 362 ədəd müxtəlif növ hidrotexniki qurğuların, kanallar və onların mühafizə zolaqlarının, kanallar boyunca səviyyə qaldıran və suburaxan, selkeçirən və tənzimləyici qurğuların texniki tələblərə cavab verən səviyyədə saxlanmasını həyata keçirir. Bundan başqa idarə tərəfindən elektrik enerjisi ilə işləyən 3 aqreqatlı 1 nasos stansiyası, 1 ədəd 50-80, 1 ədəd SNP 75-100 tipli su nasosu qurularaq istismar olunur. Nasos stansiya 200 hektar ərazini mexaniki üsulla suvarılması üçün nəzərdə tutulub.
Qeyd edək ki, Xocavənd Suvarma Sistemləri İdarəsi tərəfindən 1010 hektar payızlıq taxıl bitkilərinin, 1467 hektar qarğıdalının, 1221 hektar soya, 48 hektar bostan-tərəvəz, 58 hektar pambıq, 698 hektar yonca, 92 hektar bağ bitkiləri və 237 hektar həyətyanı sahələrin vegetasiya suvarılması aparılır.
Xocavənd Suvarma Sistemləri İdarəsinin Xocavənddə fəaliyyət göstərəcəyi gün isə elə də uzaqda deyil. İdarənin əməkdaşları doğma rayonlarında fəaliyyətə başlayacağı günü səbirsizliklə gözləyirlər.