Təkrar əkin aparan fermer: Qarğıdalı əkini təkcə yemçiliyin yox, həm də heyvandarlığın inkişafı deməkdir VİDEO
Salyan, 11 avqust, İ.Cəfərli, AZƏRTAC
Ötən il Salyan rayonunda 876 hektar sahədə təkrar qarğıdalı əkini aparılıb. Bu sahələrdən 500 hektarı dənlik, 376 hektarı isə silosluq qarğıdalı götürülüb. Fermerlər bol məhsul götürdükləri üçün bu il əkin sahələrini daha da artırıblar.
AZƏRTAC xəbər verir ki, Salyanda qarğıdalı bitkisi rayonun əsasən Kürqaraqaşlı kəndində aparılır. Kənd sakini fermer Salman Salmanov uzun illərdir bu əkinlə məşğuldur. Bir neçə baş heyvan saxlayan fermer silosluq qarğıdalı əkini ilə həm şəxsi, həm də başqa təsərrüfat sahiblərinə yem bazasının yaradılmasında kömək göstərir.
Fermer Əli Novruzovun da qarğıdalı əkininə marağı böyükdür. O, bu il hibrid toxum - “Krasnodar 392” sortundan olan qarğıdalı əkib. Ötən il 2 hektar sahədə təkrar qarğıdalı əkən fermer qeyd edib ki, bu təsərrüfat təkcə yemçiliyin yox, həm də heyvandarlığın inkişafı deməkdir.
Hələlik xüsusi texnika olmadığından Salyanda qarğıdalı əkini pambıq texnikası ilə aparılır. Fermerləri narahat edən məsələ isə həmişə olduğu kimi suvarma suyudur. Müəyyən çətinliklərə baxmayaraq, sahələrə suvarma suyu verilir. Fermerlər inanırlar ki, suvarma suyu ilə bağlı qarşılaşdıqları çətinliklər tezliklə həll olunacaq və sahədən bol məhsul götürüləcək.