Şamaxıda sakinlərə indiyədək 50 min doza peyvənd vurulub - Müalicə Diaqnostika Mərkəzindən reportaj VİDEO
Şamaxı, 13 avqust, Rəşad Türkoğlu, AZƏRTAC
Şamaxıda əhalinin vaksinasiyası prosesi uğurla və plana əsasən həyata keçirilir. Vətəndaşların COVID-19 infeksiyasına qarşı peyvənd edilməsi xüsusi nəzarət altında, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin müəyyən etdiyi qaydalara uyğun təşkil olunub. Şamaxı Müalicə Diaqnostika Mərkəzində təşkil edilən vaksinasiya prosesinə 3 peyvənd, 3 gözləmə, 1 qeydiyyat və 1 təcili yardım otağı ayrılıb.
Şamaxı Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Rəfayət Zairov AZƏRTAC-a bildirib ki, rayonda təşkil edilən vaksinasiya məntəqələrində sakinlərə bu günədək 50 min doza peyvənd vurulub. Onlardan 30 mini hər iki dozanı qəbul edib.
Yerli əhalini daha aktiv olmağa səsləyən baş həkim deyib ki, vaksin insanları immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qoruyur, infeksiyanın ötürülməsini məhdudlaşdırır, ölüm halının qarşısını alır və nəticədə səhiyyə sisteminə düşən yük azalır.
Mart ayında birinci, daha sonra ikinci dozanı qəbul edən Şamaxı sakini Simral Mahmudov bildirib ki, nə ilk günlərdə, nə də sonradan səhhətində hər hansısa narahatlıq yaranmayıb. Hər iki dozanı qəbul etdiyi üçün özünü COVID-19 bəlasından sığortalı hesab edən Simral Mahmudov xüsusi olaraq həmyaşıdlarını - gəncləri vaksinasiya prosesində aktiv olmağa səsləyib.
Yaşlı nəslin nümayəndəsi olan Vəsilə Əliyeva da vaksinasiya prosesində iştirak etmək üçün mərkəzə üz tutan rayon sakinlərindən biridir. İlk dozanı qəbul edərək, fikirlərini bizimlə bölüşən Vəsilə nənə də bu bəladan xilas olmağın yeganə yolunun peyvənd vurdurmaq olduğunu söyləyib.
Xatırladaq ki, bu günə qədər rayonda testdən keçirilən 19108 nəfərdən 3323-nin COVID-19 diaqnozu pozitiv çıxıb. Hazırda rayonda aktiv koronaviruslu xəstələrin sayı 199 nəfərdir. Həkimlərin səyi nəticəsində bu günə qədər COVID-19-dan 3033 nəfər sağalsa da, təəssüf ki, 91 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Bölgədə əhalinin bu istiqamətdə maarifləndirilməsi və peyvəndləmə işlərinin daha çevik təşkili istiqamətində tədbirlər davam etdirilir.