Vətən uğrunda şəhid olmaq arzusu ilə yaşayıb şəhadətə yüksələn Nohəl Əliyevin ad günü qeyd edilib VİDEO
Füzuli, 13 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi zamanı qəhrəmanlıqla döyüşərək şəhid olan qəhrəmanlarımızdan biri də Əliyev Nohəl Əlqəmə oğludur. İndi Nohəlin ad günü onun qəhrəmanlıq dolu xatirələri ilə yanaşı qeyd edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nohəl Əliyevin izdihamla qeyd edilən ad günündə şəhidin ailəsi ilə birlikdə Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, Vətən müharibəsi qaziləri iştirak ediblər.
Əvvəlcə şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Çıxış edənlər Nohəl Əliyevin şərəfli ömür yolundan söhbət açıblar. Bildirilib ki, Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində anadan olan Nohəl 1995-ci ildə Ramil Əkbərov adına məktəbin birinci sinfinə daxil olub. Hələ azyaşlı və yeniyetmə çağlarından vətənpərvərliyi ilə seçilən Nohəl gələcəyin hərbçisi olmaq arzusu ilə yaşayıb. 2006-cı ildə məktəbi bitirdikdən sonra 2007-ci ildə həqiqi hərbi xidmətə yola düşüb. 2010-cu ildə xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmətçi kimi fəaliyyətə başlayıb.
Daha çox ön cəbhədə Vətənin keşiyini çəkən Nohəl 2016-cı ilin Aprel döyüşlərində şücaəti ilə seçilib. Nizamlı cəsur hərbçi olan Nohəl xidməti dövründə fəxri fərmanlarla da təltif edilib. Daim peşəkar hərbçi olmağı hədəf seçən qəhrəmanımız bir sıra xüsusi təlimləri müvəffəqiyyətlə başa vurduqdan sonra həmlə taborunda xidmətini davam etdirib.
Qeyd olunub ki, Vətən müharibəsində ilk döyüşə girənlər sırasında yer alan Nohəl və döyüşçü yoldaşları düşmənin 30 illik mifik səddinin yarılmasında qəhrəmanlığı ilə seçilib. Cəbhədən gələn ilk qələbə xəbərlərində onun və döyüşçü yoldaşlarının böyük payı olub. Daha sonra Cəbrayıl istiqamətində bir sıra tapşırıqlarda şücaəti ilə fərqlənib. Nohəl oktyabrın 3-də gərgin döyüşlər zamanı ən böyük arzusu olan şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, şəhid Nohəl Əliyev ailəli olub, 2 övladı yadigar qalıb.