Ağstafada koronavirus pandemiyasına qarşı növbəti ümumrayon dezinfeksiya tədbiri keçirilib VİDEO
Ağstafa, 14 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC
Son həftələrdə dünyada, xüsusilə region ölkələrində, Rusiya, İran, Gürcüstan və Türkiyədə COVID-19-a yoluxma hallarında kəskin artım müşahidə olunur. Azərbaycanda da koronavirusa yoluxma və bununla bağlı ölüm hallarında artım qeydə alınır. Mütəxəssislər bunu karantin rejiminin yumşaldılması və qadağaların götürülməsi nəticəsində vətəndaşlarda arxayınlığın yaranması, gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməməsi, gündəlik həyatda bu qaydaların pozulması hallarının artması ilə əlaqələndirirlər.
Mövcud vəziyyət nəzərə alınaraq Azərbaycanın bölgələrində dezinfeksiya tədbirləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Ağstafa rayonunda da növbəti kütləvi dezinfeksiya tədbirləri həyata keçirilib. Belə ki, küçə və prospektlər suçiləyici maşınlar vasitəsilə xüsusi məhlullarla dərmanlanıb. Həmçinin əhalinin daha intensiv hərəkət etdiyi ərazilər, avtovağzal, o cümlədən kiçik və iritutumlu avtobuslar, ictimai iaşə obyektlərinin qarşısı, xüsusilə bankomatların ətrafı dezinfeksiya edilib. Çoxmənzilli yaşayış binalarının həyətləri, park və istirahət guşələrində də sanitar-profilaktik tədbirlər görülüb.
Xüsusilə dezinfeksiya işlərinin aparılması üçün üç qrup ayrılıb. Profilaktik dezinfeksiya işləri bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.