REGİONLAR
Gəncədə sanitar-karantin qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunublar VİDEO
Gəncə, 16 avqust, Elcan Məmmədov, AZƏRTAC
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisindəki market və digər ticarət obyektlərində, eləcə də əhalinin sıx olduğu digər yerlərdə nəzarət-profilaktiki tədbirlər keçirib. Tədbirlərdə tibbi maskalardan istifadə etməyən və əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları, mövcud sanitar-gigiyenik tələblər izah olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 30-a yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb ediliblər.