CƏMİYYƏT
Qax rayonunda narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan şəxslər tutulublar VİDEO
Bakı, 24 avqust, AZƏRTAC
Qax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, üzərində psixotrop maddə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Qədirov saxlanılıb. Axtarış zamanı həmin şəxsdən metamfetamin - “patı” aşkarlanıb.
N.Qədirov ilə bağlı davam etdirilən tədbirlərlə onun həmin psixotrop maddəni Zaqatala şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 4 dəfə məhkum edilmiş Nəriman Qurbanəliyevdən 50 manata aldığı müəyyənləşdirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində N.Qurbanəliyev də şübhəli şəxs qismində saxlanılıb. Onun Qaxbaş kəndində kirayədə yaşadığı evə baxış keçirilən zaman oradan kağız və sellofan bükümlərdə heroin, elektron tərəzilər, eləcə də metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.