Xətai, Sabunçu, Nəsimi və Nərimanov rayonlarında səkkiz aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb VİDEO
Bakı, 26 avqust, AZƏRTAC
Paytaxtın Xətai rayonunda dörd nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Həmin şəxslərdən biri, Xəyal Nəsirov barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər üç nəfər barəsində istintaq araşdırmaları davam etdirilir.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində də aktiv koronavirus xəstəsi olan Sabit Allahverdiyev ictimai yerdə, yəni marketə getmək istəyən zaman rayon polis idarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən müəyyənləşdirilib. Bu şəxslə profilaktik söhbət aparılıb və onun tibbi prosedurlar gözlənilməklə evinə qaytarılması təmin edilib.
Oxşar hal paytaxtın Nəsimi və Nərimanov rayonlarında da qeydə alınıb. Nəsimi rayonunda aktiv koronavirus xəstəsi olan Asif Əliyev, Nərimanov rayonunda isə Zahid Əliyarov və Azər Bədirzadə yaşayış yerlərini tərk etdikləri üçün polislər tərəfindən müəyyən ediliblər. Bu şəxslərlə də profilaktik söhbət aparılıb və onun tibbi prosedurlar gözlənilməklə evinə qaytarılması təmin edilib. Aşkar edilən faktlarla bağlı araşdırmalar aparılır.
DİN bir daha aktiv koronavirus xəstəliyinin daşıyıcıları olan və evdə özünütəcrid qaydaları çərçivəsində müalicəyə cəlb olunan vətəndaşların diqqətinə çatdırır ki, onların mənzillərini tərk etməsi yolverilməzdir. Bu hallar aşkarlandığı təqdirdə həmin şəxslər barəsində polis əməkdaşları tərəfindən həm İnzibati Xətalar, həm də Cinayət Məcəlləsində nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək.