REGİONLAR
Şuşa sakini: Ata yurdu heç nə ilə əvəz edilə bilməz VİDEO
Şuşa, 27 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Vətən müharibəsində işğal altındakı torpaqlarımız düşmən tapdağından azad edildi. Bununla 30 ilə yaxın doğma yurdlarının həsrəti ilə yaşayan məcburi köçkünlərimizin də arzuları həyata keçmiş oldu. İndi onlar illərdir həsrətində olduqları doğma yurdlarına, evlərinə dönəcəkləri və daimi yaşayacaqları günü gözləyirlər.
Şuşa şəhər sakini Aftandil Rəsulov da 29 ildir doğulub boya-başa çatdığı şəhərinin, ata ocağının həsrəti ilə yaşayırdı. Artıq bu həsrət bitib. AZƏRTAC-ın bölgə müxbiri uzun illərdən sonra ata yurduna baş çəkən Aftandil Rəsulovla söhbət edib, sevincinə şərik olub.
Aftandil Rəsulov bildirib ki, Şuşa şəhərində dünyaya göz açıb. Ömrünün ən xoş günləri doğma şəhərində, ata yurdunda keçib: “Gördüyünüz bu ev mənim ata yurdumdur. Həyatımın ən gözəl anları burada keçib. 30 ildir doğma şəhərimizə, evimizə həsrət idik. Görürsünüz nə vəziyyətə düşüb? Əsas odur ki, bu gün biz torpağımıza qayıtmışıq. Ata yurdu heç nə ilə əvəz edilə bilməz. Ötən 30 ilə yaxın dövrdə elə bir gün olmurdu ki, mən öz torpağımızı, evimizi yuxuda görməyim. İndi torpağıma qovuşmuşam. Çox həyəcanlıyam. Evimizi əvvəlkindən də yaxşı bərpa edəcəyik. İnşallah övladlarımla, nəvələrimlə birgə ata yurduma qayıdıb yaşayacağam”.
Aftandil Rəsulov deyir ki, evləri Şuşanın Çuxur məhəllə deyilən ərazisində yerləşir. “Mənfur ermənilər məhəllədəki evlərin çoxunu, həmçinin onun evinin yaxınlığındakı məscidi və bulağı dağıdıblar. “Buralar xarabalığı xatırladır. İnşallah dövlətimizin qüdrəti ilə Şuşamız, bütün evlər, məscidlər, bulaqlar bərpa olunacaq və xoş günlərimiz yenidən başlayacaq”, - deyə Şuşa sakini bildirib.