Saatlıda Uşaqların V Ümumrespublika Forumuna seçim mərhələsi aparılıb VİDEO
















Saatlı, 27 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Uşaqların V Ümumrespublika Forumuna seçim mərhələsi ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizin şəhər və rayonlarından forumda iştirak edəcək uşaqların seçilməsi məqsədilə görüşlər davam edir. Növbəti seçim mərhələsi Saatlı rayonunda aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Saatlı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilən görüşdə müsahibəyə 20 uşaq cəlb edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən fəallığı və intellektual səviyyəsi ilə fərqlənən, fikirlərini sərbəst şəkildə ifadə etməyi bacaran, sosial fəallığı ilə seçilən uşaqlarla qarşılıqlı fikir mübadiləsi aparılıb. Müsahibəni Regional İnkişaf İctimai Birliyinin və Uşaq Fondunun Saatlı rayon üzrə nümayəndələri, rayon icra hakimiyyətinin əməkdaşı da izləyib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aida İbrahimova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Forumun keçirilməsində məqsəd uşaq hüquqlarının qorunması barədə onları bilgiləndirmək, problemlərin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək üçün uşaqlara imkan yaratmaqdır. Forum öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Uşaq Hüquqları haqqında BMT Konvensiyasını, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununu, uşaq hüquqlarının müdafiəsinə dair beynəlxalq hüquq və milli qanunvericiliyi əsas götürür. Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Saatlı ilə yanaşı, Füzuli, Cəbrayıl, İmişli və Biləsuvar rayonları üzrə forumda iştirak edəcək uşaqların da seçilməsi həyata keçiriləcək.
Görüşdə iştirak edən Zəhra Hüseynova belə görüşlərin əhəmiyyətli olduğunu söyləyir. Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edəcək hər bir uşağa uğurlar arzu edən Zəhra bildirib ki, uşaqlar hər zaman dövlətimizin qayğısı ilə əhatə olunub. Eyni zamanda, uşaqların bu cür forumlarda iştirakı dövlət tərəfindən gələcək nəslə göstərilən diqqətin bariz nümunəsidir.
Digər iştirakçı Sürəyya Əlizadə isə deyib ki, Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna qatılacaq hər uşaq həm də zəngin bilik, təcrübə toplamaq şansı qazanacaq. O, qalib seçiləcəyi təqdirdə əsasən uşaq problemlərinin, gündəlik qayğıların həlli istiqamətində, eyni zamanda, uşaqlara digər məsələlərdə dəstək üçün lazımi addımların atılmasına çalışacağını bildirib.