Özünüməşğulluq proqramı çərçivəsində iştirakçılara təlimlər keçirilir VİDEO
Bakı, 27 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramına cəlb olunan şəxslərin kiçik biznesin təşkili üzrə bilik və bacarıqlara yiyələnmələri üçün təlimlərin keçirilməsini davam etdirilir. Təlimlər Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədəki sanitar-epidemioloji vəziyyətlə bağlı qəbul etdiyi qaydalara uyğun təşkil olunur.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimlərdə iştirakçılara minimum biznes anlayışı, maliyyə savadlılığı, şəxsi motivasiya və uğurlu sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və bacarıqlar aşılanır. Onlara biznes planlarının hazırlanmasında köməklik göstərilir. Həmçinin iştirakçılara sahibkar və sahibkarlıq, bazar araşdırması və marketinq planın hazırlanması, biznesin idarə edilməsi üçün tələb olunan resurslar, satış planının hazırlanması və s. üzrə ətraflı məlumatlar verilir. Təlimləri müvəffəqiyyətlə bitirən şəxslər seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.