1988-Cİ İLİN SUMQAYIT HADİSƏLƏRİ ERMƏNİLƏRİN YAXŞICA DÜŞÜNÜLMÜŞ DAHA BİR FİTNƏKARLIĞI İDİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 1988-ci il 27-29 fevral Sumqayıt hadisələrinin 19-cu ildönümü ilə əlaqədar şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Universitetində elmi-nəzəri konfrans keçirilmişdir.
Konfransda çıxış edənlərin əksəriyyəti həmin fitnəkarlığın şahidi olmuşdur. Xüsusi vurğulanmışdır ki, o vaxt üç gün ərzində Sumqayıtda baş vermiş hadisələr ermənilərin əvvəlcədən ətraflı planlaşdırılmış və məharətlə həyata keçirilmiş alçaq niyyətinin nəticəsi olmuşdur. Fevralın 27-də baş verən hadisələr bir andaca nəzarətdən çıxmışdır. Çıxışlarda deyildiyi kimi, bu hadisələrin qarşısını ancaq dahi siyasətçi, zəmanəmizin görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi ala bilərdi. Amma təəssüf ki, o, Azərbaycanda deyildi və erməni separatçılar bundan istifadə edərək, öz məkrli niyyətlərini həyata keçirə bildilər.
Çıxışlarda belə bir inam ifadə edildi ki, 1988-ci il fevralın 27-29-da Sumqayıtda törədilən hadisələrə lazımi siyasi qiymət veriləcək və bu, əsl həqiqəti, haqq-ədaləti bərpa etməyə imkan yaradacaqdır.
Elmi-nəzəri konfransda “Azərbaycan Respublikasının ərazisində Qarabağ müharibəsinin başlanmasının tarixi haqqında”, “Sumqayıt hadisələri: faktlar, münasibətlər, düşüncələr”, “Ermənilərin 1988-ci il fevralın 27-29-da Sumqayıtda törətdikləri hadisələrin siyasi qiyməti”, “Sumqayıt hadisələrinin davamı olaraq azərbaycanlıların Ermənistandan vəhşicəsinə deportasiyası” və digər mövzularda məruzələr dinlənilmişdir.