2006-CI İLDƏ AZƏRBAYCANDA SOSİAL XARAKTERLİ XƏSTƏLİKLƏRƏ DAİR 5 DÖVLƏT PROQRAM HƏYATA KEÇİRİLƏCƏKDİR
Bunu səhiyyə naziri Oqtay Şirəliyev martın 30-da keçirilmiş mətbuat konfransında bildirmişdir. O demişdir ki, ölkədə olan 11 minə yaxın onkoloji xəstənin dərman preparatları ilə pulsuz təmin edilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə onkoloji xəstələrə dövlət qayğısı haqqında qanun layihəsi parlamentə təqdim olunmuşdur.
Səhiyyə Nazirliyi bu ildən tibbi xidmətlərin keyfiyyətini və tibb işçilərinin peşə səviyyəsini artırmaq məqsədi ilə test imtahanları keçirəcəkdir. Testlər hazırlanmış və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına verilmişdir. Hazırda Dövlət Komissiyası ilə imtahanların şərtlərinə dair əlavə məsləhətləşmələr aparılır.
O, ölkədə satılan dərmanların keyfiyyətinə toxunaraq bildirmişdir ki, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzində keyfiyyətsiz və saxta dərman preparatlarının aşkar edilməsi üçün yeni laboratoriya yaradılacaqdır.
Nazirin sözlərinə görə, ölkə ərazisinə gətirilən dərmanlara nəzarət gücləndirilmişdir. Mərkəzin mütəxəssisləri Bakıda təxminən 330 aptekdə təftiş aparmışlar. Aşkar edilən çatışmazlıqlarla bağlı müvafiq tədbirlər görülmüş, tövsiyə və tapşırıqlar verilmiş, qanunsuz fəaliyyət göstərən 12 aptek bağlanmış, 44 aptekə xəbərdarlıq edilmişdir. Yaxın vaxtlarda regionlarda da belə reydlər keçiriləcəkdir.
Mətbuat konfransında bildirilmişdir ki, Bakı ətrafı qəsəbələrin əhalisinin rifahının yaxşılaşdırılması proqramı çərçivəsində 25 tibb müəssisəsi yenidən qurulacaq və ya tikiləcəkdir. Bölgələrdə isə 19 tibb müəssisəsi təmir və inşa ediləcək, onların maddi-texniki bazası yaxşılaşdırılacaqdır.