20 İLDƏ RUSİYADA QİÇS-DƏN 12 MİNƏDƏK ADAM ÖLMÜŞDÜR
Rusistehlaknəzarətin bəyanatında deyilir: “Hazırda Rusiya Federasiyasında İÇV infeksiyası olan 362 mindən çox adam qeydə alınmışdır. Onların 80 faizi 15-30 yaşlı gənclərdir. QİÇS-dən 11 min 861 adam ölmüşdür”.
Təkcə keçən il təxminən 31 min yeni yoluxma halları qeydə alınmışdır. Əgər 2001-ci ildə əhalinin hər 100 min nəfərinə 121 İÇV xəstəsi düşürdüsə, bu göstərici 2005-ci ildə 231 nəfərədək artmışdır. İÇV-yə yoluxma hallarının 72 faizi venaya narkotik maddə vurulması nəticəsində baş verir. Lakin cinsi yolla yoluxanların sayı da artmaqdadır. Onların sayı 2001-ci ildəki 6 faizdən 2005-ci ildə 45 faizədək çoxalmışdır.
Federal Xidmətin məlumatına görə, immun çatışmazlığı virusuna yoluxanlar arasında reproduktiv yaşlı (15-44) qadınların sayı 38 faizə çatmış, ölkənin ayrı-ayrı cənub regionlarında isə 50 faizi keçmişdir.
Xatırladaq ki, Rusiyada İÇV-yə yoluxmanın ilk halları 1987-ci ildə Moskva və Sankt-Peterburq (Leninqrad) şəhərlərində qeydə alınmışdır. Bir il sonra QİÇS-dən ilk rusiyalı ölmüşdür. 1990-cı illərin ortalarınadək Rusiyada İÇV-infeksiya ilə bağlı vəziyyət nisbətən yaxşı sayılırdı. Lakin 1996-cı ilin ortalarından bu sahədə vəziyyət kəskin şəkildə pisləşməyə başlamışdır.