20 ölkəni təmsil edən əcnəbi tələbələr ADAU-da olublar VİDEO
Gəncə, 6 fevral, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əcnəbi tələbələrdən ibarət nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) dəvəti əsasında Gəncə şəhərinə səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ADNSU-da “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində təhsil alan, 20 ölkəni təmsil edən 20 əcnəbi tələbədən ibarət nümayəndə heyəti Gəncə Memorial Kompleksini ziyarət ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin 2025-ci ildə açılışını etdiyi kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.
Daha sonra əcnəbi tələbələr Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazası, tədris mühiti və elmi-tədqiqat imkanları ilə yaxından tanış olublar. Qonaqlar universitetin onlayn televiziyası olan ADAU TV-nin studiyası, İnnovasiya Mərkəzi və müasir laboratoriyalarına da baş çəkiblər.
Qonaqlarla görüşən ADAU-nun rektoru Zəfər Qurbanov ölkəmizin kənd təsərrüfatı mütəxəssisi hazırlayan yeganə dövlət ali təhsil müəssisəsi olan Aqrar Universitetin beynəlxalq əməkdaşlığa, akademik mübadiləyə və mədəni müxtəlifliyə xüsusi önəm verən ali təhsil ocağı olmasını diqqətə çatdırıb.
ADNSU-nun Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva səmimi qarşılanmaya görə təşəkkürünü bildirib.
Görüşdə əcnəbi tələbələrin region universitetləri ilə tanışlığının əhəmiyyəti, onların akademik və sosial inteqrasiyası, eləcə də ali təhsil müəssisələri arasında beynəlmiləlləşmə istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.