Azərbaycanlı alimlər “Türk dünyasının fəxri alimi” beynəlxalq mükafatına layiq görülüblər
Bakı, 5 fevral, Saliha Əliyeva, AZƏRTAC
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Mükafat Komitəsinin qərarı ilə Azərbaycan xalçaçılığının, o cümlədən türk xalça sənətinin elmi tədqiqinə verdiyi dəyərli töhfələrə görə “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri, “Şöhrət” və “Şərəf” ordenlərinin kavaleri, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva “Türk dünyasının fəxri alimi” beynəlxalq mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasına ünvanladığı təşəkkür məktubunda Röya Tağıyeva bu mükafatı rəhbərlik etdiyi “Azərbaycan xalçaçıları” İctimai Birliyinin üzvlərinin fədakar əməyinə, həmçinin Türk dünyasının ortaq dəyəri olan xalça sənətinin öyrənilməsi ilə məşğul olan xalça mütəxəssisləri və sənətşünasların fəaliyyətinə verilən qiymət kimi dəyərləndirdiyini bildirib: “Təxminən 60 ilə yaxındır bu sahədə çalışıram, gənclərimizin xalça sənətinə marağını artırmaq üçün əlimdən gələni edirəm və onların uğurlarına sevinirəm”.
Xatırladaq ki, R.Tağıyeva 2020-ci ildə Akademiyanın “Qızıl ulduz” (Altın Yıldız) medalı və “Mədəniyyət üzrə ilin adamı” beynəlxalq mükafatı, 2021-ci ildə isə “Qotfrid Vilhelm Leybnits” medalı ilə təltif olunub. 2022-ci ildə onun rəhbərlik etdiyi “NUR Art House” qalereyası “Türk dünyasında ilin qalereyası” adına layiq görülüb.
Avropa Təbiət Elmləri Akademiyası tərəfindən təsis edilmiş “Qotfrid Vilhelm Leybnits” ordeni həmçinin tanınmış xalçaçı-rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, “Azərbaycan xalçaçıları” İctimai Birliyinin idarə heyətinin üzvü, Şuşa və Qarabağ mövzularında rəngkarlıqda, xalçaçılıqda və elmi ədəbiyyatda dəyərli əsərlərin müəllifi Eldar Hacıyevə təqdim olunub.
Bundan başqa Azərbaycan incəsənətinə dair 50-dən çox elmi məqalənin və bir neçə monoqrafiyanın müəllifi, “Azərbaycan xalçaçıları” İctimai Birliyinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənət tarixi üzrə fəlsəfə doktoru Tahir Bayramov da mükafata layiq görülüb.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Mükafat Komitəsi türk mədəniyyətinin öyrənilməsi və təbliğinə verilən mühüm töhfələrə görə mükafatlar təqdim edir. Ordenlər, “Altın Yıldız” medalları və fəxri doktor diplomları elm, mədəniyyət və siyasət sahəsində tanınmış xadimlərə verilir.