“Zəngəzur” elektrikötürmə xətti qlobal yanaşmanın Azərbaycandakı real təzahürüdür - İqtisadçı
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycanın azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri yalnız yolların, yaşayış məntəqələrinin və sosial obyektlərin inşası ilə məhdudlaşmır. Bu prosesin ən vacib və strateji istiqamətlərindən biri enerji infrastrukturunun yenidən qurulmasıdır. Məhz bu baxımdan “Zəngəzur” elektrikötürmə xəttinin çəkilməsinə başlanılması regionun gələcək inkişafı üçün xüsusi əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirilə bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı Aygün Abdulova söyləyib.
O bildirib ki, yeni elektrik ötürmə xətti Zəngəzur iqtisadi rayonu ərazisinin ölkənin vahid enerji sisteminə dayanıqlı və etibarlı şəkildə inteqrasiyasını hədəfləyir. Uzun illər enerji infrastrukturundan kənarda qalmış bu ərazilərin yenidən qurulması üçün elektrik təchizatı əsas şərtlərdən biridir. İşıq olmayan yerdə nə sənayenin inkişafından, nə də normal yaşayışdan danışmaq mümkündür. Bu mənada “Zəngəzur” elektrikötürmə xətti bərpa prosesinin göz önündə olmayan, lakin ən həlledici dayaqlarından biridir.
“Layihənin reallaşması Zəngilan, Qubadlı, Laçın və ətraf rayonlarda salınan yeni yaşayış massivlərinin, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarının enerji təminatını mümkün edəcək. Eyni zamanda, kənd təsərrüfatı, emal sənayesi, xidmət sektoru və digər iqtisadi fəaliyyət sahələrinin formalaşması üçün möhkəm baza yaradılacaq. Başqa sözlə, elektrikötürmə xətti təkcə texniki obyekt deyil, regionda iqtisadi həyatın yenidən canlanmasına xidmət edən əsas alətlərdən biridir.
Bu layihənin strateji əhəmiyyəti onun yaşıl enerji hədəfləri ilə sıx bağlı olması ilə daha da artır. Azad edilmiş ərazilər Günəş və külək enerjisi potensialına görə ölkənin ən perspektivli zonalarından biri hesab olunur. Yeni elektrik xətti bu bərpaolunan enerji mənbələrinin milli şəbəkəyə qoşulması üçün əsas ötürücü mexanizm rolunu oynayacaq. Bu isə Azərbaycanın enerji siyasətində dayanıqlılıq və ekoloji məsuliyyət prinsiplərinin möhkəmləndirilməsi deməkdir”,- deyə A.Abdulova vurğulayıb.
İqtisadçının sözlərinə görə, beynəlxalq təcrübə postmünaqişə dövrünü yaşayan regionlarda bərpa prosesinin məhz enerji infrastrukturundan başladığını göstərir: “İkinci Dünya müharibədən sonrakı dövrdə Avropa, eləcə də Asiyanın bir sıra dövlətlərində elektrikötürmə xətlərinin bərpası sənaye dirçəlişinin, əhalinin geri qayıdışının və investisiya mühitinin formalaşmasının ilkin şərti olub. Bu da təsadüfi deyil. Enerji olan yerdə həyat mərhələli şəkildə geri qayıdır, iqtisadi proseslər canlanır. “Zəngəzur” elektrikötürmə xətti də məhz bu qlobal yanaşmanın Azərbaycandakı real təzahürüdür. Güclü və çevik enerji infrastrukturu regionun investisiya cəlbediciliyini artırır, iri layihələrin həyata keçirilməsinə inam yaradır. Eyni zamanda, bu cür layihələr Azərbaycanın regional enerji xəritəsində mövqeyini möhkəmləndirir və gələcəkdə enerji tranziti və ixracı üçün yeni imkanlar açır”.