QAN YADDAŞI
20 Yanvar - xalqımızın qan yaddaşı
Bakı, 19 yanvar (AZƏRTAC). Naxçıvan Dövlət Universitetində (NDU) 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbir iştirakçıları əvvəlcə konservatoriya binasının foyesində “Təsviri incəsənət və rəsmxət kafedrası”nın müəllim və tələbələrinin 20 Yanvar şəhidlərinin xatirəsinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxmışlar.
Bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad edildikdən sonra, NDU-nun rektoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli həmin dövrdə Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən danışmışdır. Qeyd olunmuşdur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, sovet ordusunun Azərbaycana qarşı hərbi əməliyyatları nəticəsində dinc əhali vəhşicəsinə öldürülmüşdür. Bu hadisə, sovet ordusunun erməni quldur dəstələri ilə birlikdə Azərbaycan xalqına qarşı terror aktı idi. Həmin faciəli günlərdə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən oğulları canlarından keçərək, şəhidlik zirvəsinə ucalmışlar. Bu faciə hər il Azərbaycan xalqı tərəfindən ehtiramla yad edilir.
Natiq diqqətə çatdırmışdır ki, Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra verilmiş, faciə günahkarlarının adları açıqlanmışdır. Ulu öndər 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutmuş, “20 Yanvar hadisəsinin tariximizdəki yeri, qiyməti ayrı-ayrı insanların taleyi ilə məhdudlaşa bilməz. Bu, ayrı-ayrı insanların deyil, bütöv bir xalqın taleyidir” demişdir.
Sonra universitet YAP ərazi ilk təşkilatının sədri, Əməkdar Müəllim Kamal Camalov “20 Yanvar xalqımızın qan yaddaşı”, “Azərbaycan tarixi kafedrası”nın dosenti Xəzər Hüseynov “20 Yanvar faciəsinin tarixi, sosial-siyasi kökləri və ibrət dərsləri” mövzusunda məruzələr etmişlər. Məruzələrdə şəhidlik zirvəsinin müqəddəsliyi, 20 Yanvar şəhidlərinin Azərbaycan xalqının xatirəsindən heç zaman unudulmayacağı vurğulanmışdır.