20 Yanvar Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış unudulmaz qəhrəmanlıq səhifəsidir
Bakı, 17 yanvar, AZƏRTAC
İyirmi Yanvar hadisələri Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış unudulmaz qəhrəmanlıq səhifəsidir. İyirmi Yanvar həm də Azərbaycanın istiqlaliyyətə qovuşmasında önəmli rolu olan bir gündür.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin və Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının 20 Yanvar faciəsinin ildönümü ilə bağlı birlikdə keçirdiyi tədbirdə təşkilatın sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı söyləyib.
Məlahət İbrahimqızı bildirib ki, 20 Yanvar faciəsi kimi hadisələr tarixdə nadir hallarda olur. Təsadüfi xalqlar olur ki, öz azadlıqları uğrunda əliyalın silahlı ordu qarşısına çıxsın. Bu faciə Azərbaycan xalqını azadlıq əqidəsindən, əzmindən və məqsədindən döndərə bilmədi. Xalqımız bu mübarizliyi ilə nəhəng imperiyanın süqutuna yol açdı.
Bu qanlı hadisəyə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini deyən Milli Məclisin deputatı Ümummilli Liderin təzyiqlərə baxmayaraq, hakim rejimə qarşı etiraz səsini ucaltdığını və kommunizmin işğalçı mahiyyətini aşkarladığını vurğulayıb. O, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atıldığını vurğulayıb.
M.İbrahimqızı Ulu Öndərin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyevin ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəslədiyini bildirib.
Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev çıxış edərək 20 Yanvar faciəsindən 28 il keçməsinə baxmayaraq, həmin hadisələrin insanların yaddaşında hər zaman qaldığını söyləyib. O deyib ki, imperiyanın törətdiyi qırğın Azərbaycan xalqının azadlıq səsini boğmaq istəyi idi. Ancaq SSRİ ordusu bu istəyinə çata bilmədi. Faciədən bir il sonra - 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etdi.
Sonra Azərbaycan Dillər Universitetinin prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov və 20 Yanvar şəhidi Şövkət Ağayevin qızı Sevinc Ağayeva çıxış ediblər.