20 Yanvar faciəsi qan yaddaşımızda dərin kök salıb
Bakı, 18 yanvar, AZƏRTAC
20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq səhifəsidir. Keçmiş SSRİ məkanında azadlıq mücadiləsinin ən kəskin meydanlarından biri Azərbaycan olub. Moskva bunu dərhal hiss edib, müxtəlif vasitələrlə bu dalğanı susdurmağa çalışıb. 20 Yanvar bunun qanlı zirvəsi olub. Tarix az sonra sübut etdi ki, bu hadisələr xalqın azadlığı uğrunda mübarizə işidir. Təsadüfi deyil ki, indi şəhidlərimizin uyuduğu yer xalqımız üçün and yeridir.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda 20 Yanvar faciəsinə həsr olunan anma tədbirində elmi qurumun direktoru, akademik Muxtar İmanov söyləyib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, professor Füzuli Bayat, filologiya üzrə fəlsəfə doktoru Nizami Muradoğlu, filologiya elmləri doktoru Seyfəddin Rzasoy, Qarabağ qazisi Həsən Hüseyni və digər çıxış edənlər 20 Yanvar faciəsi ilə bağlı xatirələrini bölüşüb, o zaman şahidi olduqları hadisələrdən söz açıblar. Bildirilib ki, 20 Yanvara gələn yol xalqımızın tarixi taleyindən keçib gəlir. Bu faciə qan yaddaşımızda dərin kök salıb.
Tədbirdə institutun folklor studiyasının 20 Yanvar faciəsi ilə bağlı hazırladığı sənədli film nümayiş etdirilib.