QAN YADDAŞI
20 Yanvar faciəsini unutmaq olmaz
Bakı, 19 yanvar (AZƏRTAC). Artıq 23 ildir ki, xalqımız bu günü Ümumxalq Hüzn Günü kimi böyük izdihamla, şəhidlərimizin ruhuna layiq bir şəkildə qeyd edir. Hər il 20 Yanvar şəhidlərini anmaq, yad etmək, onlara öz vətəndaşlıq borcunu qismən də olsa ödəmək üçün müqəddəs məkana - Şəhidlər xiyabanına üz tutanların ardı-arası kəsilmir.
Faciənin 23-cü ildönümü ərəfəsində Şəhidlər xiyabanını ziyarət edənlər arasında Bakı Slavyan Universitetinin magistri Səidə Abdullayeva da vardır.
S.Abdullayeva AZƏRTAC-a bildirmişdir ki, bu gün Azərbaycan xalqının hüzn və kədər günü olmaqla yanaşı, həm də qürur və şərəf tarixidir. 20 Yanvar Azərbaycan xalqının mübarizliyinin və mərdliyinin göstəricisidir. Şəhidlərimizi anmaqla, onların qarşısında borcumuzdan qismən də olsa çıxmış oluruq. Bilməliyik ki, bugünkü müstəqilliyimiz şəhidlərin qanı bahasına başa gəlmişdir.