20 Yanvar faciəsinin ildönümü Azərbaycan Dövlət Teatr Muzeyində qeyd edilib
Bakı, 17 yanvar, Zərəngiz Mansurova, AZƏRTAC
Yanvarın 17-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan ərazisinə qanunsuz daxil olan sovet ordu birləşmələrinin törətdikləri ağır cinayətlərin səbəb, məqsəd və nəticələri barədə geniş məlumat verən muzeyin direktoru Sevinc Mikayılova diqqətə çatdırıb ki, məhz ümummilli lider Heydər Əliyevin cəsarətli addımları sayəsində hadisənin əsl mahiyyətinin dünya birliyindən gizlədilməsi mümkün olmayıb. Sonrakı illərdə isə Ulu Öndərin birbaşa təşəbbüsü və iştirakı ilə bu qanlı hadisəyə hüquqi-siyasi qiymət verilib.
Tədbirdə “20 Yanvar” cəmiyyətinin üzvləri, şəhid ailələri, şahidlər öz xatirələrini danışıb, o qanlı günlərdə gördükləri hadisələrdən söhbət açıblar.
Sonda Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında faciəyə həsr edilmiş əsərlərdən ibarət ədəbi-bədii kompozisiya nümayiş olunub.