20 Yanvar hadisələri xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub
Bakı, 15 yanvar, AZƏRTAC
1990-cı ilin 20 yanvar günü Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu tarix dünyanın hər yerində Azərbaycan xalqının azadlığı və suverenliyi uğrunda mübarizəsinin simvolu kimi qeyd edilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər yanvarın 15-də komitədə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbirdə səsləndirilib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini Niyazi Rəhimov qeyd edib ki, M.Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, torpaqlarımıza iddia edən Ermənistanın siyasətinin dəstəklənməsinə, o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq ayağa qalxmış xalqa qarşı sovet ordusunun hərbi birləşmələrinin yeridilməsi Bakıda faciəyə gətirib çıxararaq, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələnib: “Ölkənin o dövrkü rəhbərlərinin cəsarətsizliyinin əksinə olaraq, həmin vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev həyatını təhlükədə qoyaraq oradakı nümayəndəliyimizə gələrək, 20 Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edib. Məhz ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib, cinayəti törədənlərin adları ictimaiyyətə çatdırılıb, 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edilib.”
Sədr müavini 20 Yanvar faciəsi zamanı həlak olmuş şəhidlərin ailələrinin, hadisələr zamanı sağlamlıqlarını itirərək əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və dövlət qayğısının artırılması məqsədilə dövlətimiz tərəfindən əməli tədbirlər görüldüyünü, bununla bağlı onlarla Fərman və Sərəncamın verildiyini diqqətə çatdırıb.
Sonra komitədə çalışan şəhid ailələrinin üzvləri vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin qəhrəmanlıq yolundan söz açıblar.
Natiqlər ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə daim qayğı göstərildiyini, sosial problemlərinin həllində dövlət dəstəyi ilə əhatə olunduqlarını söyləyib, hər kəsi ölkəmizin firavanlığı və xoş gələcəyi naminə dövlətçiliyimizin keşiyində durmağa çağırıblar. Komitədə çalışan gənclər Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini hər zaman ehtiramla yad edəcəklərini bildiriblər.