22 saylı Nəsimi II seçki dairəsi dairə seçki komissiyasında maarifləndirici treninqlər davam edir
Bakı, 13 mart, AZƏRTAC
Aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində treninqlər 22 saylı Nəsimi II seçki dairəsi dairə seçki komissiyasında da keçirilir.
AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Vaqif Qasımov 22 saylı Nəsimi II seçki dairəsi ərazisində daimi əsasla 28 məntəqənin fəaliyyət göstərdiyini, seçkilərdən beş gün öncə müvəqqəti 6 məntəqənin yaradılmasının nəzərdə tutulduğunu söyləyib. Bildirib ki, hazırda bu dairə üzrə seçicilərin sayı 38 min 38 nəfərdir. On məntəqədə veb-kamera quraşdırılıb.
Komissiyanın sədri qeyd edib ki, keçirilən treninqlərin çox böyük köməyi var. Treninqlər nəticəsində yeniliklər barədə ətraflı məlumat əldə olunur. Komissiya üzvlərinin özləri üçün treninqlər çox maraqlıdır.
Treninq iştirakçıları səsvermə günü onların üzərinə düşən vəzifələrlə tanış olub, icra olunacaq müxtəlif prosedurlarla bağlı ətraflı məlumat əldə ediblər. Treninqlər zamanı hər bir məntəqə seçki komissiyasının üzvünə “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokolun nümunəsi və bir sıra digər sənədlərin nümunələri verilir. Həmçinin səslərin hesablanması və protokolun doldurulması, məntəqə seçki komissiyası üzvlərinin rolu və vəzifələri, müşahidəçilərin hüquq və vəzifələri, seçki prosesində müstəsna hallar və digər mövzularda müzakirələr aparılır, suallar cavablandırılır.