Prezident seçkiləri ilə əlaqədar Kiyevdə 600-ə yaxın Azərbaycan vətəndaşı səs verəcək VİDEO
Kiyev, 7 fevral, AZƏRTAC
Azərbaycanda növbədənkənar prezident seçkisi ilə bağlı ölkəmizin Ukraynadakı səfirliyində səsvermə keçirilir.
AZƏRTAC xəbər verir ki, 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə Azərbaycanın Ukraynadakı səfirliyində yaradılmış 49 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 10:00) başlayıb.
Ukraynada səhər saatlarında hava həyəcanı siqnalı verilsə də, vətəndaşlarımız təhlükəsiz şəraitdə səsvermədə fəal iştirak edirlər.
Prezident seçkisində ölkə hüdudlarından kənarda yaşayan vətəndaşların seçki hüququnun təmin edilməsi məqsədilə Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən müvafiq inzibati və təşkilati-texniki tədbirlər görülüb.
Müharibə şəraiti nəzərə alınaraq vətəndaşlarımızın təhlükəsizliyi üçün də müvafiq tədbirlər görülüb. Ukraynada 600-ə yaxın Azərbaycan vətəndaşının səsvermədə iştirak edəcəyi gözlənilir.
Səsvermə prosesini canlı izləmək üçün məntəqədə veb-kamera quraşdırılıb.
Həmin seçki məntəqəsində səsvermə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) başa çatacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev