CƏMİYYƏT
Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO
Bakı, 6 may, AZƏRTAC
Yasamal rayonunda vətəndaşlardan birinə məxsus dəyəri 3 min manat olan motosikletin naməlum şəxslər tərəfindən oğurlandığı barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayon polis idarəsinin 29-cu polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bu əməli törədən Abşeron rayon sakinləri Nurlan Kərəmov, Kənan Səlimov və Eltun Nəcəfov saxlanılıblar. Saxlanılanların törətdiyi oğurluq əməli təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.
Şöbə əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı paytaxt ərazisində taksi sürücülərinə qarşı dələduzluq edərək onların mobil telefon və pul vəsaitlərini ələ keçirən əvvəllər oğurluq, dələduzluq, eləcə də narkotiklərlə bağlı cinayətlərə görə dəfələrlə məhkum olunmuş Anar İmanov saxlanılıb. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə də aşkarlanaraq götürülüb. A.İmanovun paytaxtın müxtəlif ərazilərində taksi sürücülərinə qarşı dələduzluq etdiyi müəyyənləşdirilib.
A.İmanov, N.Kərəmov, K.Səlimov və E.Nəcəfov analoji əməllərdə iştiraklarının olub-olmaması araşdırılır. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.