REGİONLAR
30 ildən sonra nəşi tapılan şəhid Ayaz Ağayev İsmayıllıda torpağa tapşırılıb VİDEO
İsmayıllı, 8 may, Rəşad Türkoğlu, AZƏRTAC
Birinci Qarabağ müharibəsinin şəhidi Ağayev Ayaz Həbulla oğlunun nəşi İsmayıllı rayonunun Hacıhətəmli kəndində torpağa tapşırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Ayaz Ağayevin nəşi bu gün doğulub boya-başa çatdığı İsmayıllı rayonunun Hacıhətəmli kəndinə gətirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də İsmayıllı Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhid kənd qəbiristanlığında, atasının yanında dəfn edilib.
1975-ci ildə İsmayıllının Hacıhətəmli kəndində anadan olan Ayaz Ağayevin həqiqi hərbi xidmətə çağırış dövrü birinci Qarabağ müharibəsinə təsadüf edib. Şəhidin qardaşı Eynulla Ağayevin sözlərinə görə, 1993-cü ildə ordu sıralarına daxil olan qardaşından sonuncu dəfə 1994-cü ilin yanvarında xəbər alıblar. Döyüş yoldaşlarının dediyinə görə, Ayazın son döyüşü Füzulinin Şükürbəyli, Əhmədbəyli və Aşağı Abdurrəhmanlı kəndləri ətrafında olub. O, döyüşlərin birində yaralanıb və sonradan barəsində heç bir məlumat alınmayıb.
Şəhid Ayaz Ağayevin atası Həbulla Ağayev İkinci Dünya müharibəsinin iştirakçısı olub. Torpaqlarımızın işğaldan azad edildiyinə şahidlik etsə də, oğul həsrəti ilə iki il əvvəl vəfat edib.
Qeyd edək ki, Ağayev Ayaz Həbulla oğlu Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbər” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmişdi.