Azərbaycanın Müstəqillik Günü Vaşinqtonda qeyd olunub VİDEO
Vaşinqton, 29 may, AZƏRTAC
ABŞ-dəki azərbaycanlı icmasının iştirakı ilə Vaşinqton şəhərində Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın ABŞ-dəki Səfirliyinin təşkil etdiyi tədbirdə 200-dən çox icma üzvü iştirak edib.
Səfir Xəzər İbrahim bildirib ki, bu il ilk dəfə Azərbaycan xalqı Müstəqillik Gününü ərazi bütövlüyü tam bərpa edilmiş şəkildə qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın Xocalı şəhərinə səfərindən bəhs edən diplomat məcburi köçkünlərin doğma yurdlarına ən qısa vaxtda qayıtmaları üçün dövlət tərəfindən görülən işlər barədə məlumat verib. Xəzər İbrahim ölkəmizin beynəlxalq aləmdə də nüfuzunun artdığını, Azərbaycanın COP 29-a ev sahibliyi edəcəyini vurğulayıb.
Səfir həmçinin, ölkəmizin ABŞ ilə ikitərəfli münasibətlərindən söz açaraq, münasibətlərin xeyli inkişaf etdiyini deyib. Diplomat ABŞ-nin Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda ikitərəfli münasibətlərin gələcəkdə də genişlənəcəyini qeyd etdiyini bildirib.
Tədbir bədii hissə ilə davam edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton