CƏMİYYƏT
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib VİDEO
Bakı, 26 oktyabr, AZƏRTAC
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən növbəti ağacəkmə aksiyası keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin kollektivinin iştirak etdiyi aksiya Abşeron rayonunda yerləşən “İzotop” xüsusi kombinatının ərazisində təşkil olunub.
Aksiya ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğ edilməsi məqsədi daşıyıb.
Ağacəkmə aksiyasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Eldar şamı, çinar və zeytun ağacları əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən ağacəkmə aksiyaları mütəmadi olaraq təşkil edilir.