İDMAN
“XƏZƏR-LƏNKƏRAN” FUTBOL KOMANDASI “BİRLİK KUBOKU” TURNİRİNDƏ TACİKİSTAN ÇEMPİONUNU MƏĞLUB ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Xəzər–Lənkəran” futbol komandası MDB və Baltikyanı ölkələrin çempionlarının yarışdığı “Birlik Kuboku” turnirində yanvarın 20-də növbəti qələbəsini qazanmışdır.
Tacikistanın “Reqar–Tadaz” klubu ilə qarşılaşan “Xəzər-Lənkəran” komandasının futbolçuları 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq meydana qara sarğı ilə çıxmışdılar. 1990-cı il yanvarın 20-də Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra oyun başlanmışdır.
Görüşdə hesabı Tacikistan çempionu açsa da, “Xəzər–Lənkəran” Nadir Nəbiyevin vurduğu iki qol sayəsində qələbəyə nail olmuşdur.
Qrupun digər oyununda isə “Kaunas” (Litva) Qazaxıstanın “Aktobe” klubunu 4:2 hesabı ilə məğlub etmişdir.
Bu turdan sonra “Xəzər–Lənkəran” 6 xalla qrupun vahid liderinə çevrilmişdir.
Azərbaycan futbolçuları qrupda növbəti görüşlərini yanvarın 22-də “Aktobe”yə qarşı keçirəcəklər.