Azərbaycanlı akrobat: Doğma azarkeşlər önündə ən yüksək nəticəni göstərməyə çalışacağıq VİDEO
Bakı, 5 iyun, AZƏRTAC
Doğma azarkeşlər önündə ən yüksək nəticəni göstərməyə çalışacağıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda bu gün start götürən Dünya Kubokunda iştirak edən akrobatika gimnastikası üzrə Azərbaycan millisinin üzvü Murad Rəfiyev deyib.
O, komanda yoldaşı Daniel Abbasovla birlikdə turnirə yaxşı hazırlaşdıqlarını bildirib: “Hazırda doğma divarlar arasında Dünya Kuboku keçirilir. Bu, Bakıda iştirak etdiyimiz ilk beynəlxalq yarış deyil. Bundan əvvəl də Dünya Kubokunda çıxış etmiş və qızıl medal qazanmışıq. Bu dəfə də yarışa ciddi hazırlaşmışıq. Turnir yüksək səviyyədə təşkil olunub və təəssüratlarımız çox müsbətdir. Bu gün çıxış edəcəyik və təbii ki, həyəcan da var”.
M.Rəfiyev məqsədlərinin mümkün qədər yüksək nəticə göstərmək olduğunu vurğulayıb: “Məqsədimiz ən yüksək xalları toplamaq və rəqiblərimizlə müqayisədə üstünlüyümüzü nümayiş etdirməkdir”.
İdmançı rəqabətin kifayət qədər yüksək olduğunu da qeyd edib: “Rəqiblərimizin hamısı güclüdür. Belarus, Rusiya və Qazaxıstan təmsilçiləri ilə yanaşı, Azərbaycanı təmsil edən digər kişi cütlüyü - Seymur Cəfərov və Rəsul Seyidli də yarışda iştirak edirlər. Onlar həm dostlarımız, həm də rəqiblərimizdir. Ümid edirəm ki, onlar da uğurlu çıxış edəcəklər”.