Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO
Bakı, 7 iyun, AZƏRTAC
Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turnirində 27 klubdan 177 idmançı mübarizə aparır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Cüdo Federasiyası (ACF) prezidentinin müşaviri, yarışın baş hakimi Natiq Bağırov deyib.
O, Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinə həsr olunmuş turnirlərin daimi olaraq keçirilməsinin önəmli olduğunu vurğulayıb: "Məqsədimiz onların ruhunu yaşatmaq və hörmətlə anmaqdır. Şəhidlərimizin qarşısında baş əyirik. Yarışlara gəlincə, “Təhsil” Respublika İdman Mərkəzinin 8 nömrəli İOEUGİM-in təşkilatçılığı ilə baş tutan tədbirə maraq böyükdür. Düşünürəm ki, uşaqların yaşı az olsa da, çox yaxşı mübarizə aparırlar. Gələcəkdə onları beynəlxalq arenalarda görəcəyimizə inanırıq".
Qeyd edək ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin məqsədi şəhid İlqar Hümbətovun əziz xatirəsinin yad edilməsi, yeniyetmələr arasında cüdo idman növünün təbliği və gənc idmançıların yarış təcrübəsinin artırılmasıdır.