Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO
Bakı, 7 iyun, AZƏRTAC
Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo üzrə açıq birinciliyinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir “Təhsil” Respublika İdman Mərkəzinin 8 nömrəli İOEUGİM-in təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində baş tutub.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca Şəhid İlqar Hümbətov haqqında ətraflı məlumat verilib.
Elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev şəhidlərin əziz xatirəsinə həsr olunan turnirlərin təşkilinin önəmini vurğulayıb. O, hər bir kəsin şəhidlərə borclu olduğunu bildirib.
Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu bu cür yarışların keçirilməsinin gənclərdə vətənpərvərlik ruhunun təbliğinə kömək etdiyini vurğulayıb: "Hər bir idmançı çempion olmaq üçün mübarizə aparır. Amma ölkə üçün nümunəvi vətəndaş olmaq da vacibdir. Cüdo idman növü gənclərin şəxsiyyət kimi formalaşmasına da kömək edir".
Şahidin anası Dilarə Hümbətova Vətən uğrunda canından keçən insanlara verilən dəyərə görə təşəkkürünü bildirib. O, şəhid ailələrinin hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu diqqətə çatdırıb.
Açılış mərasimi bədii hissə ilə davam edib.
Qeyd edək ki, Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş birincilikdə 2014–2015-ci il təvəllüdlü oğlan və qız cüdoçular mübarizə aparırlar. Yarışda ümumilikdə 250 iştirakçının çıxışı nəzərdə tutulub.
Turnirin məqsədi şəhid İlqar Hümbətovun əziz xatirəsinin yad edilməsi, yeniyetmələr arasında cüdo idman növünün təbliği və gənc idmançıların yarış təcrübəsinin artırılmasıdır.