Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO
Bakı, 8 iyun, AZƏRTAC
Olimpiya Oyunlarına lisenziya xalları verən ilk yarış Monqolustanda keçiriləcək “Böyük Dəbilqə” turniri olacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.
O bildirib ki, Monqolustan və Çində təşkil olunacaq yarışlarla “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarının təsnifat mərhələsinə start veriləcək: “Təsnifat dövrü təxminən iki il davam edəcək və Olimpiya Oyunlarının başlamasına bir ay qalmış başa çatacaq”.
R.Rəsullu qarşıdakı mərhələnin uzun və gərgin olacağını vurğulayıb: “Hazırda idmançılarımız plana uyğun şəkildə hazırlıqlarını davam etdirirlər. Onlar İspaniyanın Benidorm şəhərində təlim-məşq toplanışında olublar. Daha sonra isə İtaliyanın paytaxtı Romada bir həftəlik hazırlıq keçiblər. Hazırda məşqlər Bakıda davam edir”.
Federasiya rəsmisi komandanın əsas hədəfinin bu il Bakıda keçiriləcək dünya çempionatında uğurlu nəticələr qazanmaq olduğunu xatırladıb: “İdmançılarımızın qarşıdakı yarışlarda öz potensiallarını nümayiş etdirəcəklərinə inanırıq. Bununla belə, nəzərə almaq lazımdır ki, komanda həmin turnirlərdə pik formada olmayacaq. Çünki bu il üçün əsas yarışımız oktyabrın 4-dən 11-dək Bakıda keçiriləcək dünya çempionatıdır. Hazırlıqlar əsasən həmin turnirə yönəlib. Buna baxmayaraq, Monqolustan və Çində keçiriləcək yarışlarda da əsas heyətlə mübarizə aparacağıq və cüdoçularımızın yaxşı nəticələr üçün əllərindən gələni edəcəklərinə əminəm”.
Rəşad Rəsullu iyun ayının sonunda İspaniyada keçiriləcək yeniyetmələr arasında Avropa çempionatı barədə də fikirlərini bölüşüb: “Yeniyetmə oğlan cüdoçularımız Avropanın ən güclüləri sırasındadırlar. Bu yarışda bizim üçün əsas meyar yalnız nəticə deyil, həm də idmançılarımızın nümayiş etdirəcəyi cüdonun keyfiyyətidir. İnanıram ki, onlar bu turnirdə də Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər”.