Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub VİDEO
Bakı, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ICESCO Bakı Regional Ofisi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdən əvvəl qonaqlar Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş sərgi ilə tanış olublar.
Festival çərçivəsində I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib.
Konsertdə Türk dünyasının müxtəlif ölkələrini təmsil edən bəstəkarların əsərləri səsləndirilib.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında təqdim olunan konsert proqramını dirijor Fuad İbrahimov idarə edib. Solist qismində Macarıstandan violin ifaçısı Sandor Laszlo, həmçinin fleyta ifaçısı Nicat Salmanov və qoboy ifaçısı Alim Sadıxov çıxış ediblər.
Konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə başlayıb. Daha sonra Müslüm Maqomayevin “Şah İsmayıl” operasından uvertüra (işləmə Qara Qarayev), A.Raimkulovanın “Qozı Körpeş–Bayan Sulu” baletindən “Bulaq başında” dueti, M.Beqaliyevin “Bayram uvertürası” təqdim olunub.
Proqramda Ö.Gülbəyin fleyta, qoboy və orkestr üçün “Rapsodiya” əsəri, R.Nepesovun “Yunus”, R.Abdullayevin “Sevgi mahnısı”, eləcə də S.Laszlonun violin və orkestr üçün “Transilvaniya rəqsi” əsərləri də səsləndirilib.