Milli irsimizin təbliği: “Kəlağayı bayramı” silsilə tədbirlərinə start verilib
Bakı, 3 noyabr, AZƏRTAC
Milli QHT Forumunda “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi və “Kəlağayı ev-muzeyi”nin birgə təşkilatçılığı ilə Azərbaycanın qədim milli-mədəni irsinin təbliğinə həsr olunmuş tədbir keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, mərasim Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş müqəddəs şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən birlik sədri, “Kəlağayı ev-muzeyi”nin direktoru, tədqiqatçı-yazıçı Güllü Eldar Tomarlı milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Mərasimdə müəllifin "Kəlağayı bayramı" və "Kəlağayı milli sərvətimizdir" kitablarının təqdimatı olub. Azərbaycan kəlağayısının beynəlxalq aləmdə tanıdılması baxımından mühüm addım kimi, "Kəlağayı milli sərvətimizdir" kitabı İmir Məmmədlinin tərcüməsində gürcü, İlahə Feyziyevanın tərcüməsində isə rus dillərində ictimaiyyətə təqdim edilib.
Çıxış edənlər kəlağayının milli kimliyimizin və qadın zərifliyinin rəmzi olduğunu vurğulayaraq, 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən sonra bu təbliğatın daha geniş miqyas aldığını qeyd ediblər.
Tədbir çərçivəsində “Kəlağayı ev-muzeyi”nin fonduna aid əsrlərin yadigarı olan qədim kəlağayılar və müasir ustaların əl işlərindən ibarət zəngin sərgi nümayiş etdirilib, ziyarətçilər tematik nəşrlər və videoçarxla tanış olublar.
Bu tədbirlə 2026-cı il üzrə "Kəlağayı bayramı" silsilə proqramına rəsmi start verilib.