Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir VİDEO
Bakı, 13 oktyabr, AZƏRTAC
Ödəniş və Rəqəmsal Bankçılıq Şuramızın gündəliyində yerli ödəniş infrastrukturunun inkişafı, məsafədən bank xidmətlərinin sadələşdirilməsi, elektron ticarətdə təhlükəsizliyin gücləndirilməsi və türk dövlətləri ilə ödəniş əlaqələrinin genişləndirilməsi mühüm yer tutur. Bu məsələlərin banklar, fintex şirkətləri və Mərkəzi Bank arasında dialoq əsasında müzakirəsini vacib hesab edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Bakıda keçirilən “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı” adlı tədbirdə deyib.
O qeyd edib ki, rəqəmsal xidmətlərə etimad onların təhlükəsizliyindən asılıdır: “Yeni texnologiyalardan məsuliyyətli istifadə və innovasiya ilə risklərin idarə edilməsi arasında balans qorunmalıdır. Müştəri məlumatlarının mühafizəsi, dələduzluqla mübarizədə operativ məlumat mübadiləsi və əhalinin maarifləndirilməsi əməkdaşlığımızın ayrılmaz hissəsi olmalıdır. Türk dövlətləri arasında rəqəmsal ödəniş əməkdaşlığının inkişafı qarşılıqlı ticarət və turizm üçün də əhəmiyyətlidir. Bu baxımdan hesab edirik ki, qarşıda duran ən mühüm strateji vəzifələrdən biri ölkələrimizin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyasının təmin edilməsidir. Sevindirici haldır ki, bu istiqamətdə artıq müvafiq müzakirələr aparılır və müəyyən praktiki işlər həyata keçirilir. Lakin əsas məqsədimiz yalnız maliyyə sistemləri arasında texniki əlaqələrin qurulması deyil. Başlıca hədəf fiziki şəxslərin və biznes subyektlərinin ölkələrimiz arasında maliyyə əməliyyatlarını daha rahat, sürətli, təhlükəsiz və mümkün qədər aşağı xərclərlə həyata keçirməsinə imkan yaradan mühitin formalaşdırılmasıdır. Bu, sərhədlərarası ödəniş və köçürmələrin səmərəliliyini artırmaqla yanaşı, maliyyə xidmətlərinə çıxışı asanlaşdıracaq, əməliyyat xərclərini azaldacaq, qarşılıqlı ticarət və investisiya əlaqələrini gücləndirəcək. Nəticə etibarilə, maliyyə infrastrukturlarının inteqrasiyası daha geniş strateji məqsədə – ölkələrimizin iqtisadiyyatlarının bir-biri ilə daha sıx inteqrasiyasına xidmət etməlidir. Bu istiqamətdə ödəniş sistemlərinin qarşılıqlı uyğunluğunun təmin edilməsi, vahid texniki standartların tətbiqi imkanlarının araşdırılması, tənzimləyici yanaşmaların yaxınlaşdırılması və müştəri hüquqlarının qorunması üzrə təcrübə mübadiləsi mühüm əhəmiyyət daşıyır. Birgə pilot layihələrin həyata keçirilməsi və mövcud infrastruktur imkanlarından daha səmərəli istifadə üzrə əməkdaşlığın genişləndirilməsini faydalı hesab edirik".
Z.Nuriyev qeyd edib ki, bugünkü panel müzakirələr rəqəmsal ödənişlərin gələcəyi barədə təcrübələri bölüşməyə, B2B görüşlər isə banklarla fintex şirkətləri arasında konkret əməkdaşlıq imkanlarını müəyyənləşdirməyə şərait yaradır: “Gözləntimiz odur ki, burada başlayan dialoq ölkələrimizin bazarlarında tətbiq oluna biləcək həllərlə davam etsin. Bank sektorunun ehtiyaclarına cavab verən və müştəriyə real fayda gətirən təşəbbüslər bu əməkdaşlığın uğurunu müəyyən edəcək”.