Uşağın özünəinamı və bacarıqları ailə-məktəb əməkdaşlığı ilə formalaşır - Müəllim VİDEO
Bakı, 20 oktyabr, AZƏRTAC
Uşağın hərtərəfli inkişafı yalnız məktəbdə qazandığı biliklərlə məhdudlaşmır. Onun fərdi xüsusiyyətlərinin nəzərə alınması, özünəinamının formalaşması, digər insanlarla düzgün münasibət qurmağı öyrənməsi və müstəqil düşünmə bacarıqlarının inkişafı məktəb və ailənin birgə əməkdaşlığını zəruri edir. Bu prosesdə valideyn, müəllim və şagird arasında düzgün münasibətlərin qurulması əsas şərtlərdən biridir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində 276 nömrəli məktəbin ibtidai sinif müəllimi Nərmin Bağırova deyib. Müəllim bildirib ki, məktəbdə oxu, yazı və riyazi bacarıqların inkişafına geniş yer ayrılsa da, uşağın təlim prosesindəki uğuru yalnız akademik göstəricilərlə ölçülməməlidir. Onun psixoloji vəziyyəti, öyrənmə tempi, fərdi inkişaf xüsusiyyətləri və sosial münasibətlər qurmaq bacarığı da diqqətdə saxlanılmalıdır.
Uşağın özünəinamının formalaşması, davranış qaydalarını mənimsəməsi və ətrafındakı insanlara qarşı diqqətli münasibət göstərməsi ailədə başlayan, məktəbdə isə davam edən tərbiyə prosesinin mühüm istiqamətlərindəndir. Buna görə də valideynlər övladlarının inkişafına yalnız dərs nəticələri baxımından yanaşmamalı, onların emosional və sosial ehtiyaclarını da nəzərə almalıdırlar.
“Yüksək akademik nəticə göstərən uşaqların da bəzən özünəinamlarının artırılmasına və psixoloji dəstəyə ehtiyacı olur. Bu isə şagirdin dərslərdə uğurlu olmasının onun bütün inkişaf ehtiyaclarının qarşılandığı anlamına gəlmədiyini göstərir. Uşağa həddindən artıq tapşırıq verilməsi və əlavə materiallarla yüklənməsi hər zaman müsbət nəticə yaratmır. Əksinə, təlim yükünün uşağın fərdi imkanlarına uyğun müəyyənləşdirilməməsi diqqət dağınıqlığına və emosional gərginliyə səbəb ola bilər. Buna görə də tədris prosesində uşağın bilik səviyyəsi ilə yanaşı, onun psixoloji durumu, qavrama imkanları və öyrənməyə marağı da nəzərə alınmalıdır.
Təhsilin əsas məqsədi uşağa yalnız bilik vermək deyil, həm də onda həmin bilikləri tətbiq etmək, müstəqil düşünmək, qarşılaşdığı problemlərin həll yollarını tapmaq və yeni biliklər əldə etməyi öyrənmək bacarıqlarını formalaşdırmaqdır. Bu yanaşma şagirdin gələcək inkişafı üçün daha möhkəm zəmin yaradır”, - deyə müəllim qeyd edib.
Nərminə Bağırova əlavə edib ki, valideyn və müəllim uşağın inkişafına vahid məqsəddən yanaşmalı, onun fərdi xüsusiyyətlərini nəzərə alaraq əməkdaşlıq etməlidir. Belə olduqda şagirdin yalnız təlim nəticələrinin yaxşılaşdırılmasına deyil, həm də özünəinamının, sosial bacarıqlarının və müstəqil öyrənmə qabiliyyətinin inkişafına nail olmaq mümkündür.