Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO
Bakı, 31 oktyabr, AZƏRTAC
Oktyabrın 31-dən noyabrın 6-dək Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” keçirilir. Həftə çərçivəsində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin birgə təşkilatçılığı ilə silsilə tədbirlər təşkil olunur.
AZƏRTAC xəbər verir ki, tədbirlər çərçivəsində oktyabrın 31-də “TRANSPLANT 360° – Diaqnostikadan transplantasiyaya” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransın rəsmi açılış mərasimində Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev və cəmiyyətin sədri Ramil Əliyev çıxış ediblər.
Çıxışlarda Azərbaycanda orqan transplantasiyası sahəsində əldə olunan nailiyyətlər, meyit donordan orqan köçürülməsi təcrübəsinin tətbiqi, ürək transplantasiyası proqramının inkişafı və qarşıda duran vəzifələrdən bəhs edilib. Bildirilib ki, ölkəmizdə transplantasiya sahəsinin inkişafı uzunmüddətli hazırlığın və ardıcıl fəaliyyətin nəticəsidir. Ötən əsrin 70-ci illərindən transplantasiya əməliyyatlarına başlanılsa da, son 20 ildə bu sahədə daha geniş təcrübə qazanılıb və mühüm nəticələr əldə olunub. Qeyd edilib ki, 2025-ci ilin fevralında Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə ailənin razılığı ilə meyit donordan orqan transplantasiyası həyata keçirilib. Həmin ilin oktyabrında isə regionda ilk donor ürək transplantasiyası icra olunub. Beləliklə, Azərbaycan həm meyit donordan orqan köçürülməsi, həm də ürək transplantasiyası sahəsində Cənubi Qafqazda ilk təcrübəyə imza atıb. Ötən bir il ərzində dörd xəstəyə ürək transplantasiyası əməliyyatı aparılıb, indiyədək isə 85 meyit donordan orqan köçürülüb.
Qeyd olunub ki, əldə edilən nailiyyətlər ölkə rəhbərliyi səviyyəsində səhiyyə sahəsinə göstərilən diqqət və qayğının, yaradılan imkanların və həyata keçirilən tədbirlərin nəticəsidir. Bildirilib ki, əsas hədəf ötən bir il ərzində dörd ürək transplantasiyası ilə əldə olunan nəticələri davam etdirmək, donor və transplantasiya proqramının birdəfəlik uğur kimi qalmayaraq ənənəvi və davamlı fəaliyyətə çevrilməsini təmin etməkdir. Eyni zamanda, transplantasiya sisteminin qurulmasının müxtəlif qurumların əlaqələndirilmiş fəaliyyətini və kompleks yanaşmanı tələb etdiyi vurğulanıb. Bu istiqamətdə texnoloji imkanların genişləndirilməsi, əməliyyat texnikasının təkmilləşdirilməsi, kadr hazırlığı, maliyyə resurslarının təmin edilməsi, eləcə də etik məsələlərin, donor və resipiyentlərlə bağlı problemlərin həlli qarşıda duran əsas vəzifələr sırasında qeyd olunub. Milli təcrübənin inkişafı ilə yanaşı, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinin, həmçinin mütəxəssislər arasında təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Çıxışlarda transplantasiya sahəsində mövcud olan əsas çağırışlara da toxunulub. Bildirilib ki, hazırda orqan köçürülməsi üçün növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur. Qeyd olunub ki, elmi-praktik toplantıların təşkili, mütəxəssislərin çıxışları, transplantasiya sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsi, eləcə də xəstələrin şəxsi təcrübələrinin ictimaiyyətlə bölüşülməsi orqan donorluğuna münasibətin müsbət istiqamətdə dəyişməsinə təsir göstərib. Vurğulanıb ki, əvvəllər vəfatından sonra orqanlarının digər insanların həyatını xilas etmək üçün bağışlanmasını vəsiyyət edən şəxslərə nadir hallarda rast gəlindiyi halda, hazırda belə bir qərar verməyə hazır olan vətəndaşların sayı artmaqdadır. Bununla belə, orqan donorluğunun təşviqinin gücləndirilməsi və ictimai maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsi vacibdir.
Tədbir panel müzakirələrlə davam edib.
Qeyd edək ki, konfransın əsas məqsədi orqan transplantasiyasının diaqnostikadan başlayaraq transplantasiyaya hazırlıq, donor seçimi, cərrahi müdaxilə və əməliyyatdan sonrakı müşahidəyədək bütün mərhələlərini elmi və praktiki aspektlərdən müzakirə etmək, əldə olunan nəticələri qiymətləndirmək və qarşıda duran çağırışları müəyyənləşdirməkdir.
Tədbirdə ölkənin müxtəlif tibb müəssisələrini təmsil edən ürək-damar cərrahları, ümumi cərrahlar, kardioloqlar, anestezioloq-reanimatoloqlar, nefroloqlar, qastroenteroloqlar, infeksionistlər, patoloqoanatomlar və digər ixtisaslar üzrə mütəxəssislərlə yanaşı, Böyük Britaniya, Türkiyə və Belarusdan transplantasiya sahəsində ixtisaslaşmış mütəxəssislər də iştirak ediblər.