Yığmanın məşqçisi: Cüdoçumuzun qızıl medal qazanacağını gözləyirdik VİDEO
Bakı, 3 noyabr, AZƏRTAC
Yeniyetmələr arasında ikinci Olimpiya çempionumuzun Vətənə qayıtması çox sevindirici haldır. Yarışdan əvvəl də İbrahim Talıbovun qızıl medal qazanacağını gözləyirdik. Nəhayət, idmançımız verdiyi sözə əməl etdi. Milli komandanın məşqçisi kimi bu uğura mən də sevinirəm. İnanıram ki, bu nəticə gələcəkdə gənclər və böyüklər arasında da təkrarlanacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında yeniyetmə oğlanlardan ibarət yığmanın məşqçisi Nicat Şıxəlizadə Azərbaycan cüdoçusu İbrahim Talıbovun “Dakar-2026” Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı danışarkən deyib.
Mütəxəssis hazırlıq prosesinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb: “Federasiyanın dəstəyi ilə bir neçə təlim-məşq toplanışı keçirilib, idmançı texniki, fiziki və taktiki cəhətdən hazırlıq keçib. İbrahim Talıbov növbəti mərhələdə gənclər arasında mübarizə aparacaq. İstirahətdən sonra cüdoçu gənclər arasında ölkə çempionatında iştirak edəcək və digər yarışlarda da qüvvəsini sınayacaq”.
Qeyd edək ki, noyabrın 13-dək davam edəcək "Dakar-2026"da Azərbaycan komandası 8 idman növündə 13 idmançı ilə təmsil olunur.