58 saylı Xaçmaz kənd seçki dairəsində səsvermə prosesini 800-dən çox müşahidəçi izləyir
Xaçmaz, 7 fevral, Elxan Yusifli, AZƏRTAC
Bizim dairə üzrə 50 məntəqədə səsvermə keçirilir. Ümumilikdə, 48 min 31 seçici qeydiyyata alınıb. Səhər saatlarından fəallıq müşahidə olunur. On məntəqədə veb-kamera quraşdırılıb. Səsvermə prosesi 800-dən çox yerli və beynəlxalq müşahidəçi tərəfindən izlənilir. İndiyə kimi məntəqələrdən pozuntu halı barədə məlumat daxil olmayıb.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində 58 saylı Xaçmaz kənd seçki dairəsi dairə seçki komissiyasının sədri Zöhrab Səfərov söyləyib.
Dairə seçki komissiyasının sədri bildirib ki, bütün məntəqələrdə səsvermənin ilk dəqiqələrindən başlayaraq seçici fəallığı müşahidə olunur.
Növbədənkənar prezident seçkiləri şimal bölgəsində altı rayonu əhatə edən 7 seçki dairəsi üzrə təşkil olunub.
Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarını əhatə edən yeddi dairə üzrə ümumilikdə, 429 məntəqədə səsvermə prosesi keçirilir.
Şimal bölgəsində olan 55 saylı Siyəzən-Quba-Xızı, 56 saylı Şabran-Xaçmaz, 57 saylı Xaçmaz şəhər, 58 saylı Xaçmaz kənd, 59 saylı Quba, 60 saylı Quba-Qusar və 61 saylı Qusar seçki dairələri üzrə ümumilikdə səsvermə hüququ olan 346 min 381 seçici qeydiyyata alınıb.