İDMAN
Hollandiya milli komandası futbol üzrə dünya çempionatının bürünc medalını qazanmışdır VİDEO
Bakı, 13 iyul (AZƏRTAC). İyulun 12-də Braziliyada futbol üzrə XX dünya çempionatında üçüncü yer uğrunda Braziliya və Hollandiya milli komandaları qarşılaşmışlar.
AZƏRTAC xəbər verir ki, 2012-ci ildə istifadəyə verilmiş və 69 min 349 azarkeş tutumuna malik Braziliya şəhərindəki milli stadionda keçirilən oyunda Braziliya millisinin heyətində meydana Julio Sezar, Tiyaqo Silva, David Luiz, Paulino, Fernandinio, Oskar, Maksvell, Ramires, Luiz Qustavo, Villian, Jo və Maicon çıxmışlar.
Hollandiya yığmasının ilk on birliyində isə Jasper Klessen, Ron Vlaar, Stefab De Vrij, Bruno Martinis İndi, Daley Blind, Robin Van Persi, Vesley Sneyder, Aryen Robben, Dirk Kuyt, Jordi Klasie və Georginio Vijnaldum yer almışlar.
Əlcəzairli baş hakim Camel Haimoudi idarə etdiyi oyunun 3-cü dəqiqəsində Robin Van Persi Braziliya millisinin qapısına təyin olunmuş on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı açmışdır. Bu qol dünya çempionatları tarixində Braziliya millisinin qapısına vurulmuş 100-cü top olmuşdur. Görüşün 17-ci dəqiqəsində hollandiyalı futbolçu Daley Blind ikinci topu rəqib qapısından keçirmişdir. Qarşılaşmanın 91-ci dəqiqəsində Hollandiya millisinin futbolçusu Georginio Vijnaldum hesab arasındakı fərqi artırmışdır.
Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən Hollandiya millisi dünya çempionatının bürünc medalına sahib olmuşdur.
Bu görüşlə braziliyalı futbolçular antirekord müəyyənləşdirmişlər. Cari çempionatda qapısından 14 top buraxan Braziliya millisi 1998-ci ildə Fransada təşkil olunmuş mundialda bürünc medal qazansa da, 11 dəfə qapısında top görmüşdü.