REGİONLAR
Baramaçılıqla məşğul olmaq istəyən fermerlərə ipək qurdları paylanıb VİDEO
Qax, 27 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Aprelin 27-də Qax rayonundakı Damazlıq İpəkçilik Stansiyasında inkubasiya mərhələsi keçən ipək qurdu toxumları baramaçılıqla məşğul olmaq istəyən fermerlərə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, ipək qurdları Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Ağcabədi, Ağdaş, Bərdə, İmişli, Kürdəmir, Sabirabad, Ucar, Yevlax və Zərdab rayonlarından olan kümçülərə (baramaçılara) ödənişsiz olaraq paylanılıb.
Fermerlərə yardım məqsədlə nazirlik tərəfindən İran İslam Respublikasından 750, Çin Xalq Respublikasından isə 1000 qutu yüksək keyfiyyətli ipək qurdu toxumları tədarük edilərək ölkəmizə gətirilib və müvafiq olaraq aprelin 14-də və 19-da Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub.
İpək qurdlarının paylanması münasibətlə keçirilən tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və nazirliyin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov baramaçılıqla məşğul olan təsərrüfat rəhbərlərinə, kümçülərə lazımi məsləhət və tövsiyələr veriblər.
Fermerlərlə söhbət zamanı İlham Quliyev bildirib ki, kümçü ailəsi məşğul olduğu digər təsərrüfat sahələrinə mane yaratmadan öz gəlirlərini artıra bilər. Nazir müavininin dediyinə görə, 2016-cı ildə Azərbaycanda 75 ton yaş barama istehsalı nəzərdə tutulur. Kümçüləri maarifləndirmək məqsədilə nazirlik tərəfindən metodiki məsləhət, video-tövsiyə və bülletenlər hazırlanıb. İlham Quliyev növbəti ildə barama istehsalının 3 min tona çatdırılması üçün indidən yüksək səviyyədə hazırlıq işlərinin getdiyini diqqətə çatdırıb.
Stansiyadan ipək qurdlarını təhvil alan kümçülərə barama istehsalı texnologiyasına dair video-tövsiyə, buklet və yaddaş vərəqələri də verilib.
Tədbirdən sonra iştirakçılar “Şəki İpək” ASC-də müəssisənin fəaliyyəti ilə tanış olublar. “Şəki İpək” ASC yaş barama məhsulunu kümçülərdən tədarük edəcəyini bildirib və bu barədə müqavilələr imzalayıb.